Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, «Microsoft Azerbaijan», «Ultra» və «Azərin» şirkətlərinin təşkilatçılığı ilə Elektron İmza Milli Sertifikasiya Mərkəzinin təqdimatı keçirilib.
«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «e-imza» barədə ətraflı məlumat verib və bildirib ki, «e-imza»nın ölkədə tətbiqi üzrə müəyyən işlərə 2004-cü ildə başlanılıb, 2008-ci ildə dövlət büdcəsindən vəsait ayrılıb və həmin il «Microsoft», «Ultra» və «Azərin» şirkətləri «e-imza»nın tətbiqi üçün görüləcək işlər üzrə keçirilən tenderdə qalib gəlib, 2009-cu ildə «e-imza» üzrə pilot layihəyə başlanılıb.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkənin İKT sektorunun inkişafından danışıb və bildirib ki, son 7 il ərzində sahə üzrə gəlirlərin artımı 30-35% olub: «Biz gəlirlərin artımını 25% səviyyəsində saxlaya bilsək, artıq 2022-ci ildə İKT-nin gəlirləri neft sahəsinin gəlirləri ilə bərabərləşəcək».
İKT-nin cəmiyyətin inkişafında müsbət rol oynadığından danışan nazir qeyd edib ki, yaxın bir neçə aydan sonra «e-imza» cəmiyyətə təqdim olunaraq istifadəyə veriləcək: «Elektron imzanın ölkədə tətbiqi bir çox sahələrin inkişafına təkan verəcək».
Tədbirdə çıxış edən Vergilər Nazirliyi Baş Vergilər İdarəsinin rəisi Zaur Fətizadə ölkədə vergilər sahəsində elektron xidmətlərin tətbiqi və istifadəsindən danışıb və bildirib ki, 2010-cu ildə Nazirliyə 1,5 mln. ədəd elektron hesab faktura daxil olub, bu da 20 ton kağız və ya 0,5 hektar meşənin qənaəti deməkdir.
Qeyd edək ki, layihə çərçivəsində fiziki və hüquqi şəxslər üçün «e-imza» kartları hazırlanıb.